Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Ermənistan tərəfindən mina xəritələrinin verilməməsi məsələsinə münasibət bildirib.

Trend həmin müsahibəni təqdim edir:

"Üç gün öncə ikisi jurnalist və biri dövlət qurumu əməkdaşı olmaqla, üç vətəndaşımız işğaldan azad olunmuş Kəlbəcər rayonunda erməni terrorçuları tərəfindən basdırılmış minaya düşərək şəhid oldu. Ermənilər əzəli torpaqlarımızın işğalı zamanı mümkün qədər böyük ərazini, demək olar ki, hər yeri minalayıblar. Bu, özü artıq hərbi cinayətdir. Artıq təqribən yeddi aydır, münaqişənin başa çatmasına baxmayaraq Ermənistan bu günə qədər minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir ki, bu da öz növbəsində beynəlxalq hüquq, xüsusilə də beynəlxalq humanitar hüququn norma və prinsiplərinə açıq-aşkar hörmətsizliyin təzahürü və ağır cinayətdir.

Ermənilərin işğal altında olduğu müddətdə tarixi torpaqlarımızda törətdikləri vandalizmin sübutlarını lentə alan, azad olunmuş əraziləri qarış-qarış gəzərək öz xidməti vəzifələrini şərəflə, qorxmadan, tərəddüd etmədən yerinə yetirən iki peşəkar jurnalist - Məhərrəm İbrahimov və Sirac Abışov erməni cinayətinin qurbanı oldular. Onlar 44 günlük Vətən müharibəsinin ilk günlərindən cəbhəyə yollanaraq rəşadətli ordumuzun əsgərləri ilə çiyin-çiyinə əllərində kamera və qələmlə öz savaşlarını aparıblar və müharibə bitdikdən sonra da bir gün belə dincəlmədən öz işlərini davam etdiriblər.

Əslən Qubadlıdan olan Sirac Abışov erkən yaşlarından Ermənistanın işğalı və etnik təmizləmə siyasəti nəticəsində çətin bir həyat - məcburi köçkün həyatını yaşamalı oldu. İndi isə o, erməni terrorçularının basdırdıqları və xəritələrini verməkdən aşkarcasına imtina etdikləri mina partlayışı nəticəsində peşə fəaliyyətini həyata keçirən zaman həlak olaraq şəhidlik zirvəsinə ucaldı. Azad olunmuş torpaqlarımızın hər guşəsini xüsusi qürur və sevgi ilə lentə alan AZƏRTAC-ın Qarabağda xidməti ezamiyyətdə olan müxbiri Məhərrəm İbrahimov da bu partlayışın qurbanı oldu. Onlarla birlikdə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev də şəhid oldu.

Azərbaycan Ombudsmanı olaraq, mütəmmadi şəkildə BMT-nin Baş Katibinə, Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, İnsan Hüquqları Şurasına, Avropa İttifaqı və Avropa Şurasına, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına, müxtəlif ölkələrin ombudsmanları və milli insan hüquqları institutlarına bəyanatlar ünvanlayırıq. Bu bəyanatlarda beynəlxalq ictimaiyyətdən, müvafiq beynəlxalq qurumlardan işarələnməmiş minaların xəritələrinin verilməsi, bu cür faciələrin təkrar olunmaması məqsədi ilə Ermənistana kəskin çağırışlar etməyi tələb edirik, zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinin vacibliyini vurğulayırıq.

Təəssüflə qeyd edim ki, bu günə kimi Ermənistanın hərbi-siyasi rəhbərliyi müxtəlif absurd bəhanələrlə bundan boyun qaçırır. Əksinə qeyd olunan xəritələri təqdim etməməkdə israrlıdır.

Ermənistanın bu cür etinasız, insanların həyatını təhlükədə qoyan və yeni cinayətlərə yol açan davranışının nəticəsi olaraq 10 noyabr 2020-ci il tarixində imzalanmış və münaqişəyə son qoymuş üçtərəfli birgə Bəyanatın imzalanmasından sonra 140 nəfərdən çox insan minaya düşmüş, onlardan 27 nəfər həlak olmuş, digərləri müxtəlif növ bədən xəsarətləri almış, əlil olmuşdur.

Biz bu cür ciddi bir məsələyə, beynəlxalq humanitar hüquq normalarının aşkarcasına pozulmasına göz yummamağı, Ermənistana nəticəsi olacaq bir çağırışın, bu dövlətin cinayət əməllərinə müvafiq sərt təzyiqin göstərilməsini tələb edirik.

Bir daha bəyan edirik ki, nə qədər ki, Ermənistan işarələnməmiş mina xəritələrini verməkdən imtina edəcək, bu cür insan tələfatı ilə nəticələnən faciələrin olacağı qaçılmazdır və bu da öz növbəsində onsuz da çoxsaylı müharibə cinayətləri törətmiş Ermənistanın üzərinə əlavə yük qoyur ki, onun məsuliyyəti daha da ağırlaşır".

 

Digər xəbərlər

22 İyun 2021 “Oradan baxanda Xankəndi ayaqlarımızın altında qalır” – General
16 İyun 2021 Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın yeni bir dönəmi başlayır - Deputat
16 İyun 2021 Bütün dünya Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul edir - Ermənistanın sabiq prezidenti
14 İyun 2021 Pakistan HHQ-nin nümayəndə heyəti Bakıya səfər edəcək
14 İyun 2021 Prezident İlham Əliyev şəhid jurnalistləri təltif etdi - SƏRƏNCAM
10 İyun 2021 Azərbaycanla Pakistan arasında hərbi aviasiya sahəsində əməkdaşlıq müzakirə olunub
07 İyun 2021 Deputat Ramil Həsəndən açıqlama
07 İyun 2021 Azərbaycan HDQ-nin nümayəndə heyəti Pakistana yola düşüb
07 İyun 2021 12 subartezian quyusunun qazılmasına 840 min manat ayrılıb - SƏRƏNCAM
07 İyun 2021 Qərblə "demokratiya oyunu": Paşinyan riyakar siyasətini davam etdirir
07 İyun 2021 Azərbaycan və Türkiyə XİN rəhbərləri arasında telefon danışığı olub
05 İyun 2021 Azərbaycanlı jurnalistlərin ölümü Avropa mətbuat tarixində faciədir - Piter Teys
05 İyun 2021 Müharibə dövründə Azərbaycan mediasının da rəşadətinin şahidi olduq - Hikmət Hacıyev
04 İyun 2021 Ağcabədi və Bərdədə 20 subartezian quyusunun qazılmasına 1,4 milyon manat ayrılıb - SƏRƏNCAM
01 İyun 2021 Prezident Ağdam və Tərtərlə bağlı sərəncam imzaladı
25 May 2019 Zakir Həsənov: Ermənistanda baş verən daxili siyasi qarşıdurma qoşunların təmas xəttindəki vəziyyətin gərginləşməsinə səbəb ola bilər
11 Aprel 2019 Nikol Paşinyan: "Türkiyə ilə münasibətlərin bərpası üçün heç bir şərtimiz yoxdur"
30 Mart 2019 Prezident İlham Əliyev: Əsas odur ki, danışıqların formatı dəyişilməz qalıb
18 Fevral 2019 “Putin Ərdoğana etibar edir” - Rəsmi Kreml
09 Fevral 2019 Vergilər naziri Fazil Məmmədov vəfat etdi

 

 

Xəbər lenti