Şuşa elə bir yüksəklikdir ki, oradan baxanda ətraf ərazilər, eləcə də Xankəndi ayaqlarımızın altında qalır. Bu səbəbdən də Şuşa qalasının azad edilməsi əməliyyatını hələ çox araşdıracaqlar.
AzNews.az xəbər verir ki, bu sözləri AzTV-nin efirində yayımlanan “Döyüşçü” proqramında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev deyib.
“Azərbaycan ordusu bu çətin vəzifənin öhdəsindən gələ bildi. Məhz Şuşanın işğaldan azad olunmasından sonra prezidentimiz Ulu Öndərin məzarı önündə onun tapşırığını yerinə yetirdiyini dedi. Bu, çox böyük xoşbəxtlikdir. Azərbaycan xalqı çox xoşbəxtdir ki, heç kimin ərazisinə göz dikməyib və tək məqsədi sülh şəraitində yaşamaqdır. Biz buna mütləq nail olacağıq”, – deyə o qeyd edib.


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti və tarixi səfəri iki qardaş ölkə arasında yeni bir dönəmin başlanğıcını qoydu.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, xüsusilə də Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasiminin Şuşada keçirilməsi işğaldan azad edilmiş ərazilərin, ümumilikdə regionun iqtisadi inkişafı, uzunmüddətli sülhün təmin edilməsi üçün yeni imkanlar açır:

“Bu mərasimin Şuşada keçirilməsinin həm siyasi, həm də mənəvi əhəmiyyəti böyükdür. Bu səfər dünyaya, xüsusilə də bəzi dairələrə bir mesaj idi ki, Türkiyə və Azərbaycan qardaşlığı və dostluğu bundan sonra daha da möhkəmlənəcək. “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” isə regionun gələcəyi üçün tarixi bir sənəd, iki qardaş ölkə arasında gələcək əməkdaşlığın stateji yol xəritəsi idi.

Bu tarixi sənəd hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsi, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinin hər iki ölkənin regional və beynəlxalq rolunu və çəkisini artırması kimi vacib məsələləri özündə əks etdirir.

İki qardaş ölkə arasında iqtisadi əlqələrin genişləndirilməsi baxımından da bu sənədin böyük əhəmiyyəti var. Bu gün iki qardaş ölkə arasında iqtisadi əməkdaşlıq üçün geniş potensial var. Cənab Rəcəb Tayyib Ərdoğan da bildirdi ki, “ticarət dövriyyəmizi 2023-cü ildə 15 milyard dollara çatdırmaq hədəfimizə doğru addım-addım irəliləyirik”. Hesab edirəm ki, bu səfər və imzalanan sənəd iki qardaş ölkənin qarşıya qoyduğu hədəflərə çatmağa imkan verəcək”.

 


Bütün dünya Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul edir və bu məsələdə bizim müttəfiqimiz yoxdur.

Trend-in məlumatına görə, bunu Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan deyib.

O qeyd edib ki, Ermənistan bu məsələdə həlledici səsə malik deyil.

O, həmçinin Robert Koçaryanın Şuşa və Hadrutu qaytarmağın mümkünlüyü barədə fikirlərini şərh edib:

"Bu, yeni problemlərə gətirib çıxara bilər. Koçaryan yeni müharibə vəd edir. Bütün dünya Qarabağı Azərbaycanın hissəsi kimi qəbul edir. Dünyanın qəbul etdiyi qayda budur".

 


Pakistan Hərbi Hava Qüvvələrinin (HHQ) Aviasiya vitse-marşalı Tariq Ziyanın rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 15-də ölkəmizə səfər edəcək.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan və Pakistan HHQ-i arasında əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə ediləcək, əməkdaşlığın müxtəlif sahələrinə dair təqdimatlar veriləcək.

 


Prezident İlham Əliyev işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş bir qrup şəxsin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının işğaldan azad olunan ərazilərində vəzifə borcunu ləyaqətlə yerinə yetirərkən həlak olmuş aşağıdakı şəxslər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin:

Abışov Sirac Abış oğlu

Əliyev Arif Ağalar oğlu

İbrahimov Məhərrəm Əli oğlu.

 

Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri (HHQ) komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə səfərdə olan Pakistan Ordusunun Hərbi Əməliyyat Baş İdarəsinin rəisi general-mayor Nauman Zakarianın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan hərbi pilotlarının Pakistanın Hərbi Hava Qüvvələri Akademiyasında təhsilindən məmnunluğunu ifadə edən general-leytenant R.Tahirov ölkələrimizin hərbi aviasiya sahəsində əməkdaşlığının, o cümlədən hərbi təhsil və digər sahələrdə əlaqələrin inkişaf etməsinin ordularımızın döyüş qabiliyyətinin daha da güclənməsinə töhfə verdiyini bildirib.

General-mayor Nauman Zakaria Azərbaycanın hərbi pilotlarının Pakistanın hərbi təhsil müəssisələrində təhsil almaları, ölkəsinin HHQ-nin helikopter heyətlərinin isə Azərbaycanın aviasiya təlim mərkəzlərində hazırlıq keçməsinin iki ölkə arasında hərbi aviasiya sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyinin göstəricisi olduğunu qeyd edib.

Görüşdə tərəflər Azərbaycan və Pakistan HHQ-i arasında əlaqələrin daha da genişləndirilməsi məsələlərini müzakirə ediblər.

 


Xəbər verdiyimiz kimi, Böyük Britaniya vətəndaşı, Moldovada yaşayan məşhur iş adamı Almari Vael Süleyman Milli Məclisin deputatı Ramil Həsənin onun qızını qaçırtması ilə bağlı iddiayla çıxış edib. O, deputatın ünvanına olduqca ağır ittihamlar səsləndirərək əlində övladını görməsi ilə bağlı məhkəmə qərarları olmasına baxmayaraq millət vəkilinin buna mane olduğunu bildirib.

Sözügedən qalmaqalla bağlı deputat Ramil Həsən “Qafqazinfo”ya açıqlama verib. O qeyd edib ki, barəsində dərc olunanlar cəfəngiyyatdır və elə buna görə də geniş açıqlama verməyi tələb edən bir məsələ yoxdur:

“Barəmdə yazılanlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm. Məsələ hüquqi müstəvidə araşdırılacaq. Siz də nəticəsini görəcəksiniz.

Düşünürəm ki, bu qarayaxmanı edənlər layiqli cəzalarını alacaqlar. Dövlətin inkişafı üçün çalışan birini ləkələməyin hesabını verəcəklər”.

 



Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasına səfərə gedib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan və Pakistan HDQ-i arasında əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə ediləcək, əməkdaşlığın müxtəlif sahələrinə dair brifinqlər veriləcək.

 



İki boksçunun rinqdə döyüşdüyünü düşünün. Səlis bir zərbə ilə öncə rəqibin gözləri qaralır, sonra səndələyir və yerə yıxılır. Birtəhər ayağa qalxdıqdan sonra isə nə edəcəyinə heç cür qərar verə bilmir, düşdüyü boşluğun şokunu yaşayır. Bax, Ermənistanın hazırkı rəhbərliyi, xüsusən də baş nazir vəzifəsini icra edən Nikol Paşinyan da eynilə bu halətdədir. Azərbaycanın “dəmir yumruğu” onun başına elə dəqiqliklə endirilib ki, Paşinyan hələ də səndələyir, hələ də sayıqlayır…

Əslində, Qərblə “demokratiya oyunu” oynayan Paşinyan həmişə səndələməyə meyilli olub. Külək hansı səmtdən əsibsə, o da o səmtdə dayanıb. Qərb onu hakimiyyətə gətirdiyi halda, ən çətin durumlarda ona dəstək olduğu halda, Paşinyan Qərbi gah Rusiya, gah da Suriya ilə aldadır. Onun Rusiya ilə olan həvadislərinin hər halda geniş izahata ehtiyacı yoxdur. Sadəcə, İkinci Qarabağ müharibəsində baş verən proseslər - Qərbdən dəstək almayınca Paşinyanın Rusiyaya sığınması, ondan mədət umması, onu müharibəyə cəlb etmək istəməsi, Ermənistanı düşdüyü uçurumdan çıxarmaq üçün ona yalvarışları və s.- hər şeyi izah edir.

Gələk Suriya məsələsinə, bir neçə gün öncə Suriyada prezident seçkiləri keçirildi, Bəşər Əsəd yenidən prezident seçildi. O Əsəd ki, qərb dünyası ilə düşməndir, o Əsəd ki, heç bir qərb ölkəsinin prezidenti seçkilərdə qalib gəlməyi münasibətilə onu təbrik etmədi. Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan isə Bəşər Əsədi nəinki təbrik etdi, hətta İrəvanın Suriyaya humanitar böhranın həllində kömək etməyə hazır olduğunu belə dedi. Paşinyan bununla bağlı Bəşər Əsədə müraciətində Ermənistan-Suriya münasibətlərinin daha da dərinləşəcəyinə və möhkəmlənəcəyinə inandığını bildirdi.

Əslində, Qərbə “medan oxuyan” bu təbrik ilk deyildi. Təxminən bir ay öncə - aprel ayının 17-də Nikol Paşinyan Suriyanın milli bayramı – xarici qoşunların təxliyəsi Günü ilə əlaqədar Prezident Bəşər Əsədə təbrik mesajı göndərmişdi, bu mesjda da Ermənistanın iki dövlət arasında ənənəvi dialoqu dərinləşdirməyə hazır olduğu vurğulanırdı.

Görünən odur ki, Nikol Paşinyan Qərblə “demokratiya oyunu” oynamaqla, əslində müharibədəki məğlubiyyətin “heyifini çıxır”, ona göz dağı verir. Təbii ki, bu yanaşma Nikol Paşinyanın riyakar siyasət apardığını bir daha ortaya qoyur və bununla ümumilikdə Ermənistan rəhbərliyinin əsl mahiyyətini, eləcə də Ermənistanın çox təhlükəli bir "kampaniyanın" içərisində olduğunu göstərir.

Qayıdaq rinqə, bəzən zərbə elə güclü və elə dəqiq olur ki, rəqib ömürlük şikəst olur. Paşinyanın da “dəmir yumruğun” nokautundan bir ömür ayılmayacağı aşikardır.

 

 

 

Xəbər lenti