Dünən Kəlbəcərdə mina nəticəsində həlak olan jurnalistlərin gördüyü işin böyük dəyəri var, onlar Ermənistanın azad olunmuş ərazilərdə etdiyi vəhşilikləri sənədləşdirirdilər.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərtac İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimovun dəfn mərasimində bildirib.
Şöbə müdiri deyib: "Onların gördüyü işlərin dəyəri yüz ildən sonra da çox yüksək olacaq. Azərtac və Azərbaycan televiziyası tərəfindən onlara ezamiyyətin dəyişdirilməsi təklif olunduğu hallarda belə geri qayıtmırdılar. Təəssüf ki, mənfur ermənilər tərəfindən qoyulmuş minanın, xəyanətkar fəaliyyətin qurbanı oldular".
H.Hacıyev bildirib ki, bu, eyni zamanda Azərbaycan mediası üçün böyük itkidir. Müharibə dövründə Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan əsgərləri ilə yanaşı dayanan Azərbaycan mediasının da rəşadətinin şahidi olduq:
"Beynəlxalq təşkilatlara da müraciət olunub ki, bu vəhşilik qınanılmalıdır. Bir daha cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın başsağlığını çatdırıram. Allah rəhmət eləsin!"