![]() |
![]() |
Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Əlisəid Həsənov, Fərid Hacıyev, Orxan Məmmədli və Fərid Hüseynzadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirlən prosesdə zərərçəkmiş qismində İslam Əliyev ifadə verib.
Məhkəmədə elan olunub ki, zərərçəkmiş İ.Əliyev eşitmə və danışma (lal və kar) məhdudiyyətlidir.
O, məhkəmədə surdotərcüməçinin köməyi ilə dindirilib. İ.Əliyev təqsirləndirilən şəxsləri tanımadığını, hadisə zamanı həmin şəxslərin üzlərində maska olduğunu bildirib: "Həmin gün işlədiyim köşkdə oturub telefonla oynayırdım. Axşam tərəfi saat 3-5 arası olardı. Birdən 3 maskalı şəxs içəri daxil oldu. Qorxumdan geri çəkildim. Onlar köşkdən pul və siqaret götürdü. Mən qorxumdan onlara heç nə edə bilmədim. Əllərində isə heç nə yox idi".
Zərərçəkmiş təqsirləndirilən şəxslərdən şikayətinin olmadığını söyləyib.
İttiham olunan şəxslər zərərçəkmişin dediklərini təsdiqləyib.
Hakim deyib ki, zərərçəkmişin ifadələri arasında ziddiyyət var. Onun istintaqa verdiyi ifadəsi məhkəmədə elan olunub.
İ.Əliyev söyləyib ki, martın 30-da gecə 03:30 radələrində əllərində dezodorant, dəmir alət olan bir neçə şəxs köşkün içərisinə daxil olub.
Məhkəmədə isə bildirib ki, hadisə zamanı həmin şəxslərin əlində heç nə olmayıb.
Daha sonra sualları cavablandıran İ.Əliyev qeyd edib ki, istintaqda ifadə verən zaman surdotərcüməçi olmayıb.
Dövlət ittihamçısı vəsatət qaldırıb. Prokuror işi aparan müstəntiqin və cinayət işində imzası olan surdotərcüməçinin məhkəməyə gəlib ifadə verməsini istəyib.
Vəsatət təmin edilib.
Məhkəmənin növbəti iclası fevralın 8-nə təyin edilib.
Qeyd edək ki, ötən il Xətai rayon Polis idarəsinə müraciət edən paytaxt sakini Qafqaz Qəhrəmanov General Mehmandarov küçəsində yerləşən işlədiyi marketə əllərində tapançaya bənzər əşya və bıçaq olan naməlum şəxslərin basqın etdiyini, daha sonra ona hədə-qorxu gələrək kassadan 230 manat pulu götürüb hadisə yerindən qaçdıqlarını bildirib.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xətai rayon Polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Fərid Hacıyev, əvvəllər məhkum olunmuş Fərid Hüseynzadə və Orxan Məmmədli də müəyyən edilərək saxlanılıb. Onlar ifadələri zamanı törətdikləri cinayəti etiraf ediblər.
Araşdırma zamanı məlum olub ki, hadisə zamanı dəstə üzvləri zərərçəkəni əllərində olan oyuncaq tapança ilə qorxudublar.
Araşdırma zamanı dəstə üzvlərinin Xətai rayonunda daha bir mağazadan soyğunçuluq yolu tütün məmulatları, eləcə də NZS və Bakıxanov qəsəbələrində yerləşən iki marketdən oğurluq etdikləri də məlum olub. Daha sonra Əlisəid Həsənov da saxlanılıb.
Cinayət işində 5 zərərçəkmiş var.
Təqsirləndirilən şəxslərdən yalnız Ə.Həsənovun barəsində həbs qətimkan tədbiri seçilməyib.