![]() |
![]() |
Bakının Nizami rayonunda, 8-ci kilometr adlanan ərazidə güclü yanğın başlayıb. Yanğın “Diqlas” ticarət mərkəzində baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.
***
Fövqəladə Hallar Nazirliyi Bakıdakı yanğınla bağlı məlumat yayıb.
Məlumatda bildirilir ki, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Çağırış ünvanına cəlb olunan Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğınsöndürmə işləri və digər təxirəsalınmaz tədbirlər görülür.
***
Bizimyol.info xəbər verir ki, ilkin məlumata görə yanğının “Diqlas” ticarət mərkəzində başladığı bildirilir. Hazırda ərazidə xeyli sayda yanğınsöndürən maşın və canlı qüvvə var. Helikopterlər də cəlb olunub. Yanğın satış nöqtələrinin bir-birinə sıx olduğu hissədə baş verdiyi üçün yanğının miqyasının genişlənəcəyi ehtimal edilir.
***
Ticarət mərkəzinin çöl hissəsi alkaponla üzlənib, bunlar yanan maddələrdir.
ONA xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
K. Heydərov bildirib ki, binanın içərisində yanğınsöndürənlər xüsusi geyimlərlə yanğının söndürülməsində iştirak edirlər, bayırdan isə yanğınsöndürən maşınlar yanğının söndürülməsinə cəlb olunub: “Bu, ciddi yanğındır. İlk dəqiqələrdən yanğının qonşuluqdakı tikililərə keçməsinin qarşısı alınıb. Belə olmasaydı, yanğının qarşısını almaq çox çətin olardı. Artıq yanğın lokallaşdırılır, açıq alov məhdudlaşdırılır”.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Bakı şəhərinin Nizami rayonunda yanğın baş vermiş əraziyə yollanıb.
Oxu.Az xəbər verir ki, FHN-in digər rəhbər şəxsləri və Çevik Polis Alayının komandiri Səhlab Bağırov da yanan ticarət mərkəzinin yaxınlığındadır.